İcraçı direktor: “Qlobal süni intellekt bazarı 5 milyard dollara çatacaq”
“Süni intellekt (AI) hazırda cəmiyyətlərimizi necə formalaşdırdığımızı yenidən müəyyənləşdirir”.
TodayPress xəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov bunu aprelin 11-i ADA Universitetində keçirilən “6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu”nda deyib.
Onun sözlərinə görə, səhiyyədən təhsilə, logistikadan energetikaya qədər olan bütün sahələrdəki texnologiyaları AI ilə daha çox gücləndirə, formalaşdıra bilərik.
“Beynəlxalq statistik məlumatlara görə, 2025-ci ildə indiki qlobal süni intellekt bazarının 5 milyard ABŞ dollarına çatacağı gözlənilir. 2030-cu ildə isə bu rəqəmin 1,8 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır. “PwC”yə görə, süni intellekt texnologiyalarının 2030-cu ilə qədər qlobal ÜDM-ə 15,7 trilyon dollardan çox əlavə dəyər qatacaq.
Vurğulamaq istərdim ki, bu, hazırda qlobal ÜDM-in 14%-ni təşkil edir. Şirkətlərin 61%-i artıq süni intellektdən istifadə edir. Bütün bu rəqəmlər indiki dünyamızın həqiqətləridir. Biz ölkə olaraq özümüzdən soruşmalıyıq ki, AI-dən necə istifadə edək? Hansı sahələrə daha çox köklənməliyik?
Diqqətinizə çatdırmaq istəyirəm ki, Dünya İqtisadi Forumunun AI İdarəetmə Alyansının üzvü olaraq biz enerji sektoru layihələrində süni intellekt də daxil olmaqla müxtəlif istiqamətlərdə işləyirik, zəng mərkəzində süni intellekt tətbiq edirik və keçən il idmançılarımızın Paris Olimpiya Oyunları zamanı nailiyyət əldə etmələrinə kömək etmək üçün süni intellektə malik idik. Biz “BRICS Plus” AI Alyansının üzvüyük və mən bütün tərəfdaşlarımızı da onun bir hissəsi olmağa çağırıram”.
Töhfə Səməd
tag: AI,Süni intellekt,Sahə ,Form,Bakı,Fariz Cəfərov,Todaypress.az,