Google 100 milyon dollar cərimə ödəyəcək

İKT

30.03.2025 20:00

2639

“Google” şirkəti reklam xidməti olan “Google Ads” ilə bağlı kollektiv iddianın həlli çərçivəsində 100 milyon ABŞ dolları məbləğində kompensasiya ödəyəcək. 

TodayPress xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

İddia 2011-ci ildə bir qrup reklamverən tərəfindən qaldırılıb. Onlar “Google”u reklamların seçilmiş coğrafi bölgələrdən kənarda göstərilməsi səbəbilə haqsız klik ödənişləri almaqda və istifadəçiləri coğrafi hədəflənmə ilə bağlı yanlış yönləndirməkdə ittiham ediblər. Eyni zamanda, şikayətçilər şirkəti “Smart Pricing” adlı endirim proqramı üzrə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıblar.

“Google” nümayəndəsi Xose Kastaneda bildirib ki, bu məsələ artıq on ildən çox əvvəl dəyişdirilmiş köhnəlmiş məhsul funksiyalarına aiddir və şirkət prosesin yekunlaşmasından məmnundur. Onun sözlərinə görə, razılaşmaya 910 min səhifə sənədin və bir neçə terabaytlıq klik məlumatının təhlili nəticəsində nail olunub.

Kompensasiya razılaşması yalnız hakimin təsdiqindən sonra qüvvəyə minəcək. İddia 2009-cu il 1 iyun – 2012-ci il 13 dekabr tarixləri arasında “Google Ads”dən istifadə edən reklamverənləri əhatə edir.

Qiymət Mahir

tag: Google,Cərimə,İKT,Reklam,todaypress.az,