Fariz Cəfərov: “51 təşəbbüsdən ibarət rəqəmsal iqtisadiyyat strategiyası hazırlanıb”

İKT

17.10.2024 11:04

“Bu il biz 10 minə yaxın vətəndaşa süni intellekt (Aİ) vasitəsilə Oksford və Harvard kimi universitetlərindən minlərlə kursa pulsuz giriş imkanı yaratmışıq. Bəzi böyük texnologiya şirkətlərini, məsələn, “Google”, “Amazon” kimi nəhəngləri buraya cəlb edəcəyik”.

TodayPress xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu"nda deyib. 

Onun sözlərinə görə, süni intellektin köməyi ilə 2500 kursu Azərbaycan dilinə çevirməklə “Coursera” platformasından istifadə etməyimizə kömək edəcək. Əlçatanlıq isə Azərbaycanın bütün bölgələrindən olacaq:

“Dünya sürətlə dəyişir və çoxlu məlumatlar yaradılır. Əslində, 2025-ci ilə qədər 175 zettabayt məlumat mövcud olacaq. Biz bu məlumatları idarə etməliyik. Gələcəyə hazır olmaq üçün biz 51 geniş təşəbbüsdən ibarət rəqəmsal iqtisadiyyat strategiyası hazırlamışıq. Biz 2040-cı ilə qədər beynəlxalq təşkilatların konsaltinq şirkətlərindən istifadə edərək Azərbaycan iqtisadiyyatında inkişafı sürətləndirmək üçün AI gücündən yararlanmaq istəyirik”.

Fariz Cəfərov Azərbaycanın süni intellektə inteqrasiyasından da söz açıb: 

“Biz ilk dəfə 2017-ci ildə Azərbaycana gələn süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilən “Sophia” robotunu qəbul etdik. 2018-ci ildə isə biz Azərbaycanda dövlətin dataya əsaslanan yanaşmasına rəhbərlik edən AI departamenti ilə xüsusi məlumat qrupu yaratdıq. Gələcək bizim üçün çox parlaqdır. Azərbaycan bu transformasiyanın önündə getməyə hazırdır”.

Qeyd edək ki, ilk dəfə Azərbaycanda təşkil olunan forumda dünyanın 8 fərqli ölkəsindən tanınmış universitet və onların professorları iştirak ediblər. 

Töhfə Səməd

tag: Azərbaycan ,Oxford ,Harvard,Süni İntellekt,Fariz Cəfərov ,todaypress.az,