"Central Baltic – Azerbaijan Business Forum" uğurla başa çatdı
İKT
21.10.2024 11:12
"Caspian Energy Club"ın təşkilatçılığı ilə "LEF Network Azerbaijan" layihəsi çərçivəsində "Green Technology and Sustainable Development" mövzusunda Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş "Central Baltic – Azerbaijan Business Forum" keçirilib.
TodayPress xəbər verir ki, bu barədə “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov məlumat verib.
Tədbirin əsas məqsədi davamlı texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsi olub.
Forumda moderatorluq vəzifəsini icra edən Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı Layihələri departamentinin direktoru Liqa Sıçeva, bu cür tədbirlərin regional əməkdaşlığı gücləndirmək baxımından əvəzsiz rolunu vurğulayıb. “Bu forum, bizə yalnız iqtisadi əlaqələri inkişaf etdirmək deyil, eyni zamanda yeni dostluq əlaqələri qurmaq imkanı da verdi” deyə o, bildirib.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya, Estoniya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Yaak Lensment, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov tərəfindən xoş gəlmə nitqləri söylənilib.
Açılış nitqlərindən sonra latviyalı, estoniyalı və finlandiyalı mütəxəssislər "LEF Network Azerbaijan" layihəsi və regionda yaşıl texnologiyaların inkişafı ilə bağlı təqdimatlar keçirib, iştirakçılara innovativ nou-hau və yeni standartlar haqqında məlumat təqdim ediblər.
“Yaşıl texnologiyalar naminə birgə iş: Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında ticarət, təhlükəsiz paylaşma və davamlılıq” mövzusunda baş tutan panel müzakirə Satakunta Tətbiqi Elmlər Universitetinin Tədqiqat rəhbəri Mikko Pakkaselanın moderatorluğu altında keçib. Paneldə iştirakçılar bu ölkələr arasında yaşıl texnologiya və təcrübə mübadiləsi, ticarət və idxal imkanlarının artırılması, həmçinin təhlükəsiz əməkdaşlıq mexanizmlərinin təmin edilməsi üçün tətbiq edilən texnologiyalar, iqlim hədəflərinə töhfə haqqında geniş müzakirələr aparıblar.
Forumun sonunda, əvvəlcədən tərtib edilmiş cədvələ uyğun olaraq, 15 şirkətin iştirakı ilə 15 masa ətrafında B2B görüşlər keçirilib. İştirakçılar üçün yaradılmış şəbəkələşmə imkanı yeni əlaqələrin qurulması və müasir işgüzar mühitin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edib.
“Bu cür beynəlxalq tədbirlər, Azərbaycan və Baltik ölkələri arasında daha sıx əməkdaşlığın inkişaf etdirilməsi üçün mükəmməl bir platforma təqdim edir, eyni zamanda regionda yaşıl texnologiyaların inkişafına dair yeni perspektivlər açır” deyə Rasim Mahmudov vurğulayıb.
Xatırladaq ki, “Caspian Energy Club International” “European Union Central Baltic” proqramı çərçivəsində yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi tərəfdaşı seçilib. Üçillik “LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlib. Keçən ildən başlayan layihə növbəti 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında informasiya kommunikasiya texnologiyaları, yaşıl texnologiyalar və təhsil sahəsində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları Latviya Ticarət və Sənaye Palatası, Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetidir.
Töhfə Səməd
tag: Azərbaycan,European Union Central Baltic, Forum, Latviya, Estoniya, Finlandiya, todaypress.az,