“Bu, heç bir halda doğru yanaşma deyil” - Azərbaycanda internet tarifləri artırılır - RƏY

İKT

10.08.2024 16:00

Avqustun 15-dən etibarən Azərbaycanda internetin sürəti 2.5 dəfə artırılacaq.

Mövzu ilə bağlı TodayPress-ə danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, Azərbaycanda özəl və dövlət provayderləri 18 manata olan 40 Mbit/s, alt limitli paketi ləğv edib, 25 manatdan təyin edəcəklər. Bu o deməkdir ki, alt limit paketlər 40 Mbit/s yox, 100 Mbit/s olacaq. Qiyməti isə 18 yox 25 manat olacaq. Onun sözlərinə görə, qiymət artmış kimi görünsə də, əslində vəziyyət fərqlidir:

“Burada internetin qiyməti qalxmadı, əksinə aşağı düşdü. İnternet 18 manat olanda 40 Mbit/s başına 0.40 qəpik düşürdü. Amma indi 100 Mbit/s 25 manat olandan Mbit/s başına 0.25 qəpik düşəcək. Bundan başqa, insanlar alt limitə meyil göstərdiyi üçün internetlərində problem olurdu. Artıq bu kimi hallar yaşanmayacaq. Bu sosial şəbəkələrdən daha keyfiyyətli istifədəyə gətirib çıxaracaq”. 

TodayPress-ə açıqlama verən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz isə qiymət artımını düzgün hesab etmədi. Onun sözlərinə görə, hansısa dünya reytinqində irəliləmək xatirinə tarif siyasəti tətbiq etmək sadəcə ağlasığmazdır:

“Cənablar, bu, heç bir halda doğru yanaşma deyil. Əgər ölkədə vergi siyasəti regionları nəzərə almaqla tətbiq edilirsə, onda gəlin internet bağlantısı üçün də bu prinsipi tətbiq edək. İmkan verək ki, kəndlərdə yaşayanlar kütləvi olaraq internetdən imtina etməsinlər. Əgər biz istəyiriksə rəqəmsal transformasiya olsun, onda gəlin heç olmasa bir müddət kəndlərdə minimal internet tariflərinə toxunmayaq. Yəni kəndlərdə yaşayanlar üçün, yenicə keyfiyyətli internetə əlçatanlıq qazananlar üçün elə əvvəlki qaydada, bəlli bir dövr üçün 40 Mbit/s - 18 manat saxlanılsın”.

Qeyd edək ki, “Aztelecom” GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri avqustun 15-dən etibarən 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.

Aytac Müşfiq

tag: Azərbaycan, İnternet, Sürət, Elvin Abbasov, Osman Gündüz, todaypress.az,

photo
photo