Azərbaycanda bitməyən internet problemi: Vədlər niyə boşa çıxdı?

İKT

07.04.2025 13:32

22

Azərbaycanda internetin qiyməti qalxdıqdan sonra da sürətlə bağlı problemlər var. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25; 150 Mbit/s internet üçün 30; 250 Mbit/s internet üçün 36 manat qiymət təklif edilib. Lakin istifadəçilərin çoxu provayderlərin həmin sürətdən aşağı internet sürəti verdiyini bidirirlər. 

İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə mövzu ilə bağlı TodayPress-ə danışarkən bildirib ki, ölkəmizdə internet infrastrukturunun köhnə olması, kabellərin istismar müddətini başa vurması əsas problemlərdəndir.

Onun sözlərinə görə, internet istifadəçilərinin sayı gündən-günə artsa da, infrastruktur imkanları buna uyğun şəkildə yenilənmir:

“Ölkənin müxtəlif bölgələrinə internet xətləri çəkilir. Lakin texniki imkanların zəifliyi, köhnə kabellərin istifadə olunması internet sürətinin aşağı düşməsinə səbəb olur. Digər səbəb isə mövcud internet xətlərində olan qırıqlar və bu qırıqların kustar üsullarla bərpasıdır. Provayder əməkdaşları bu qırıqları yeni kabellə əvəzləmək yerinə yenidən birləşdirirlər. Bu da təbiət hadisələri və ya müəyyən fors-major hallarda internet kəsintilərinə səbəb olur".

Mütəxəssis hesab edir ki, problemin həlli üçün internet provayderləri infrastruktur yenilənmələrinə başlamalı, texniki təminatı gücləndirməli və internet xətlərini müasir standartlara uyğunlaşdırmalıdırlar.

Xatırladaq ki, 2024-cü il avqust ayının 15-də Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.   

GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.   

Türkan İsgəndərli

tag: Əmrah Mövsümzadə,Mütəxəssis,İnternet,Azərbaycan,Todaypress.az,

photo