"Apple" smartfon bazarını fəth etdi
“Apple” korporasiyası 2025-ci ilin birinci rübündə qlobal smartfon bazarına başçılıq edib.
TodayPress xəbər verir ki, bu barədə "Counterpoint Research" (CR) analitik şirkətinin hesabatında bildirilir.
CR ekspertlərinin fikrincə, ilin birinci rübündə smartfonlar seqmenti illik müqayisədə 3 faiz artıb. Bu, inkişaf etməkdə olan bazarlarda satışların və subsidiyalar səbəbindən Çində tələbin artması ilə bağlıdır. Analitiklər “Apple” şirkətinin tarixdə ilk dəfə olaraq ilin ilk üç ayında smartfon bazarında birinci yeri qazandığını vurğulayıblar.
Amerika şirkətinin payı 19 faiz olub. İkinci yerdə 18 faizlə “Samsung”, üçüncü yerdə isə 14 faizlə “Xiaomi” qərarlaşıb. Ondan sonra isə "Vivo" və "Oppo" var.
Qeyd olunur ki, 2024 və 2023-cü ilin birinci rübündə "Samsung" bazara liderlik etdiyi halda, "Apple" iki il ardıcıl ikinci yeri tutub.
CR mütəxəssisləri 2025-ci ilin əvvəlində "Apple"ın uğurunun əsas səbəbi kimi inkişaf etməkdə olan bazarlarda müsbət qarşılanan ucuz "iPhone 16e"nin buraxılışını adlandırıblar. Qiyməti 599 dollar olan cihaz Yaponiya, Hindistan, Yaxın Şərq, Afrika və Cənub-Şərqi Asiyada yaxşı satılıb.
"Counterpoint Research" 2025-ci ildə smartfon satışlarının azalacağını proqnozlaşdırır.
“Əsas zərurət məhsulu olan smartfonlar həmişə sabit satışlara malik olacaq, lakin iqtisadi qeyri-müəyyənlik istehlakçıları alışlarını təxirə salmağa məcbur edə bilər” ekspertlər yekunlaşdırıblar.
Töhfə Səməd
tag: iPhone,Apple,Samsung,Smartfon,tdaypress.az,