"Apple" Çində senzura ilə süni intellekt tətbiq edəcək

İKT

17.02.2025 11:45

Amerikanın "Apple" korporasiyası may ayında Çində "iPhone" üçün süni intellekt (AI) xidmətlərini işə salmaq niyyətindədir. 

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin mənbələri "Apple" və "Alibaba" arasında sövdələşmənin təfərrüatlarını öyrəniblər. Çində süni intellekt alətlərinin işə salınması ilə bağlı iki tərəf arasında razılaşma fevralın ortalarında məlum olub. İnsayderlər bildiriblər ki, "Alibaba" Amerika İT nəhənginin əsas tərəfdaşı olacaq. "Apple Intelligence"in may ayında Çində istifadəyə veriləcəyi gözlənilir.

Məqalədə bildirilir ki, “Apple”ın neyron şəbəkəsi istifadəçiləri yerli qanunvericiliyə uyğun olaraq senzuradan keçən məzmunla təmin edəcək. Süni intellekt yalnız Çində alınmış "iPhone"larda işləyəcək – ölkədən kənarda alınmış, lakin Çinə idxal edilən smartfonlar AI funksiyalarından məhrum olacaq.

Həmçinin, "Apple Intelligence"in Çin versiyası ABŞ-də istifadəyə verilmiş versiyadan əhəmiyyətli dərəcədə fərqli olacaq. ABŞ-də süni intellekt xidmətləri yerli olaraq cihazlarda, şirkətin serverlərində və "ChatGPT" çatbotu vasitəsilə işləyir. Çində isə sorğular "Alibaba"nın proqram təminatı ilə işlənəcək.

Töhfə Səməd

tag: Amerika,Apple,Çin,iPhone,Korporasiya,Alibaba,todaypress.az,