8 ölkənin tanınmış alimləri ADA-da bir araya gəldi

İKT

17.10.2024 13:20

Oktyabrın 17-də Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçirilib. İlk dəfə Azərbaycanda təşkil olunan forumda müxtəlif ölkələrdən süni intellekt nəzəriyyəsi, innovativ metodların hazırlanması və tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elminin tətbiqi ilə məşğul olan aparıcı alimlər bir araya gəlib. 

ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, forumda maşın proqramlaşdırma, süni intellekt və data elmləri sahələrində inqilabi ideyalar müzakirə ediləcək. O, qeyd edib ki, Azərbaycanda hamının iştirak etdiyi və hər kəsin töhfə verəcəyi ekosistem yaradılacaq.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov isə diqqətə çatdırıb ki, Azərbaycan hökuməti 51 təşəbbüsü özündə əks etdirən yeni rəqəmsal iqtisadiyyat strategiyası hazırlayıb:

“Biz 2040-cı ilə qədər Azərbaycanda iqtisadi artımı sürətləndirmək üçün beynəlxalq təşkilatların və konsaltinq şirkətlərinin köməyi ilə süni intellektin imkanlarından istifadə etməyi planlaşdırırıq. Onların qiymətləndirmələrinə görə, Azərbaycan dilində generativ süni intellekt ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar gəlir gətirəcək”.

Forumda bildirilib ki, Azərbaycanda böyük həcmdə məlumat yaradacaq "Rəqəmsal Əkiz" proqramının işə salınması planlaşdırılır. Bu məlumatlar hökumətə, cəmiyyətə və biznesə məlumatlara əsaslanan yanaşma ilə daha effektiv qərarlar qəbul etməyə imkan verəcək.

Daha sonra süni intellektlə bağlı çıxış edilib, təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu oktyabrın 19-da başa çatacaq.

Töhfə Səməd

tag: Süni İnttelkt, Alimlər,ADA,Rəqəmsal Əkiz,todaypress.az,

photo
photo
photo
photo