“Zirə”nin “Şerif” sınağı
İdman
09.07.2024 16:11
Avrokuboklarda yeni mövsüm start götürür.
TodayPress xəbər verir ki, Azərbaycanın futbol klublarından “Zirə” 2024/25 mövsümünə hamıdan tez başlayacaq. Paytaxt təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Şerif” klubunun qonağı olacaq.
“Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov komandanın hazırlıq prosesinin normal keçdiyini bildirib. Mütəxəssis mübarizəyə birinci mərhələdən başlamağın müəyyən dərəcədə çətinlik yaratdığına işarə etsə də, rəqibə layiqli müqavimət göstərəcəklərini vurğulayıb.
“Zirə” hazırlıq müddətində transfer işlərini də davam etdirib. “Qartallar” qısa zaman kəsiyində Fuad Bayramov, Aydın Bayramov, Elçin Əlicanov, Davit Volkov, Junior Martins, Ange Mutsinzi heyətinə qatıb. Qismət Alıyev, Anar Nəzirov, İsmayıl İbrahimli, Rüstəm Əhmədzadə ilə isə müqavilə müddətini artırıb. Əfsuslar olsun ki, Vladislav Kulaç, Rəhim Sadıxov kimi təcrübəli futbolçular komandadan gediblər.
Xoş xəbər yeni futbolçuların komandaya uyğunlaşmasının uğurla getməsidir. Bu məsələdə hər hansı sıxıntı yoxdur. Transferlərin çoxunu daxili çempionatda oynayan futbolçuların təşkil etməsi komandanın işinə yarayıb. Bununla belə futbolçuların oyun planında komandaya tam uyğunlaşması ilə bağlı vaxta ehtiyac var.
Qeyd edək ki, “Zirə” iyulun 11-də Tiraspolda “Şerif”in qonağı olacaq. Görüş saat 21:00-da başlayacaq.
Namiq HUN
tag: Zirə, Azərbaycan, Rəşad Sadıqov, Qartallar, UEFA, todaypress.az,