Yarımmüdafiəçi Xorvatiyanı yarı yolda qoydu
İdman
18.06.2024 17:40
Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlaşiç Avro-2024-ün qalan hissəsini buraxacaq.
TodayPress xəbər verir ki, futbolçu əzələ zədəsi səbəbindən qitə çempionatının növbəti oyunlarında komandasına kömək edə bilməyəcək. Yarımmüdafiəçi artıq yığmanın bazasını tərk edib.
“Çox təəssüf edirəm ki, yeni zədə komandaya kömək etməyə imkan verməyəcək. Hazır olmaq üçün əlimdən gələni etdim və mənə imkan yaratdıqları üçün baş məşqçiyə və məşqçilər korpusuna təşəkkür edirəm. Mən bu komandaya inanıram və onların uğur qazanacağına əminəm” Vlasiç deyib.
Qeyd edək ki, Nikola Vlaşiç Xorvatiya millisinin Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun İspaniya millisi ilə oyunu (0:3) üçün heyətinə daxil olsa da, meydana çıxmayıb. Növbəti oyunda xorvatlar Albaniya ilə, qrup mərhələsinin son oyununda isə İtaliya millisi ilə qarşılaşacaq.
Namiq HUN
tag: Avro-2024, Futbol, Xorvatiya, İdman, todaypress.az,