Xokkeyin 3x3 növü Qış Olimpiadasının proqramına daxil edilə bilər
İdman
02.11.2024 13:10
Beynəlxalq Buzüstü Xokkey Federasiyası (IIHF) 3x3 xokkey idman növünün 2030-cu ildə keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə (IOC) müraciət edəcək.
TodayPress xəbər verir ki, Beynəlxalq Buzüstü Xokkey Federasiyasının rəsmi saytı məlumat yayıb.
Beynəlxalq Olimpiya Komitəsinə ünvanlanan rəsmi məktubda xokkeyin bu növünün təzə inkişaf etdiyi vurğulanıb:
“İnfrastruktur Olimpiya meydançasında olduğu kimi quraşdırılır. Yeganə fərq buz meydançasının ölçüsüdür. Bu qərarın qəbul olunması kiçik ölkələrdən olan xokkeyçilərə Olimpiadada iştirak etmək üçün daha çox imkan yaradacaq və bu idman növünün inkişafına müsbət təsir edəcək”.
3x3 formatında keçirilən xokkey yarışlarında 26x18 metrlik buz meydançalarından istifadə edilir.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi məsələ ilə bağlı yekun qərarını gələn ilin dördüncü rübündə açıqlayacaq.
Namiq HUN
tag: Beynəlxalq Buzüstü Xokkey Federasiyası, Xokkey, Qış Olimpiya Oyunları,Buzüstü Xokkey ,todaypress.az,