WADA Sinnerin cəzalandırılmasını tələb edir

İdman

28.09.2024 13:20

Dünyanın bir nömrə tennisçisi antidopinq qaydalarını pozduğuna görə 2 il müddətinə yarışlardan kənarlaşdırıla bilər. 

TodayPress xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinq lideri italiyalı Yannik Sinnerin antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiyasını tələb edir. 

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Artıq WADA İdman Arbitraj Məhkəməsinə (CAS) Beynəlxalq Tennis Dürüstlüyü Agentliyinin (ITIA) Sinnerə antidopinq qaydalarının pozulmasına görə bəraət qazandırmaq qərarından apellyasiya şikayəti verib. 

Ümumdünya Antidopinq Agentliyi tennisçini 2 ilədək  diskvalifikasiya etmək niyyətindədir.

Xatırladaq ki, martın 10-da ABŞ-nin İndian-Uells şəhərində keçirilən “Masters” seriyalı turnirində Sinnerin dopinq testi müsbət olub. Onun orqanizmində aşağı konsentrasiyalarda bir klostebol metaboliti tapılıb. Bundan səkkiz gün sonra götürülən digər dopinq nümunəsi də eyni maddənin olduğunu göstərib. 

Bununla belə, Yannik Sinner hər iki haldan sonra turnirlərdə iştirakını davam etdirib.

Namiq HUN

tag: Antidopinq, Yannik Sinner,Qaydalar ,WADA, ABŞ ,todaypress.az,