Vinisiusa qarşı irqçiliyə görə 3 nəfər həbs edildi
İdman
10.06.2024 16:41
"Valensiya"nın üç azarkeşi Vinisius Juniora qarşı irqi təhqirə görə 8 ay həbs cəzasına məhkum edilib.
TodayPress xəbər verir ki, "Valensiya" klubunun azarkeşləri La Liqa matçı zamanı "Real Madrid"in hücumçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlətməkdə təqsirli bilinib.
“Yarasa” fanatları irqi ayrı-seçkiliyi ağırlaşdıran "mənəvi toxunulmazlığa qarşı cinayət"də təqsirləndiriliblər. Buna görə səkkiz ay həbs cəzası alan fanatlar məhkəmə xərclərini də ödəməli olublar. Həmçinin, müttəhimlərə iki il müddətində La Liqa matçları və digər turnirlərin keçirildiyi futbol stadionlarını ziyarət etmək qadağan edilib. Təqsirləndirilən şəxslər futbolçu, La Liqa və “Real Madrid” klubundan üzr istəyib və irqçiliklə mübarizənin tərəfdarı olduqlarını bildiriblər.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində “Flamenqo”dan “Real Madrid”ə keçib. O, son mövsüm 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 150 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: İrqçilik,Həbs,Valensiya, todaypress.az,