Vaxtsız sevinc güləşçinin, məğlubiyyətinə səbəb oldu

İdman

11.06.2024 17:00

Güləşçi vaxtından əvvəl qələbəni bayram etməyə başlayaraq Olimpiadaya vəsiqəni itirib. 

TodayPress xəbər verir ki, iranlı yuran-Roma güləşçisi Sayed Esmaeyli Leyvezi Budapeştdəki Polyak İmre və Varqi Yanoş Memorialında kubalı Luis Orta ilə yarımfinal görüşündə qələbəni inanılmaz dərəcədə əldən verib.

67 kq çəki dərəcəsində yarışan Asiya çempionu görüşün bitməsinə 3 saniyə qalmış kubalı rəqibi üzərində 7:5 hesablı üstünlüyə yiyələnib. Artıq vaxt qalmadığından güləşçilər mübarizəni dayandırıblar. Bu an iranlı rəqibinə arxasını çevirərək qələbəsini qeyd etməyə başlayıb, lakin Kuba pəhləvanı qəfildən sıçrayaraq dörd xallıq fəndlə finala vəsiqə qazanıb.

Hakimlərin rədd qərarına Orta etiraz edib. Görüşün sonu bir daha nəzərdən keçirilib və məlum olub ki, kubalı qarşılaşmanın bitməsinə 0,1 saniyə qalmış fəndi tamamlaya bilib. Orta bu uğurun davamını turnirin finalında gürcüstanlı Leri Abuladze üzərində inamlı qələbə ilə gətirməyi bacarıb. 

Qeyd edək ki, Leyvezi üçün bu göyüş son dərəcə vacib idi, çünki qalib gələcəyi halda həmyerlisi Məhəmməd Rza Gerainin yerinə Olimpiya Oyunlarına yollanacaqdı. Budapeştdə keçirilən turnirdə onlardan hansının Paris-2024-də İranı təmsil edəcəyinə qərar verilib. Hər iki güləşçi turniri bürünc medalla bitirib. Nəticədə daha əvvəl olimpiya kvotasını qazanan Gerai 33-cü Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. 

Luis Ortaya gəlincə, o, Kubanın aparıcı yunan-Roma güləşçisidir. 60 kq-da Tokio Olimpiadasının qalibi olan güləşçi, 2023-cü ildə 67 kq-da Belqradda keçirilən dünya çempionatının ən yaxşısı olub.

Namiq HUN

tag: Məhəmməd Rza Gerain, Paris 2024, Kuba Pəhləvanı, Budapeşt, Yarış, todaypress.az,