Uruqvay komandası tarixinin 9-cu bürünc medalını qazandı

İdman

14.07.2024 09:04

2277

Futbol üzrə Amerika Kubokunda üçüncü yerin sahibi müəyyənləşib. 

TodayPress xəbər verir ki, Şarlott qarşılaşmasında Kanada və Uruqvay milliləri üz-üzə gəlib. 

Oyuna fəal başlayan cənubi amerikalılar 8-ci dəqiqədə yarımmüdafiəçi Rodriqo Bentankurun qolu ilə hesabda irəli çıxıblar 1:0. Kanada millisinin cavab qolu özünü çox gözlətməyib. 22-ci dəqiqədə İsmael Kone hesabda tarazlığı bərpa edib 1:1. Oyunda hesab bir daha 80-ci dəqiqədə dəyişib. Hücumçu Conatan Devid dəqiq zərbə ilə kanadalıları titula yaxınlaşdırıb. Lakin Uruqvay 90+3-cü dəqiqədə məğlubiyyətdən xilas olub. Luis Suares rəqib torunu silkələyərək oyunu penaltilər seriyasına daşıyıb 2:2.

Futbolun lotoreyasında isə bəxt Uruqvay millisinin üzünə gülüb 4:3.

Nəticədə Uruqvay yığma komandası Amerika Kuboku turnirində tarixinin 9-cu bürünc medalını qazanıb. Daha əvvəl “La celeste” 1921, 1922, 1929, 1937, 1947, 1953, 1957 və 2004-cü illərdə Amerika Kubokunda üçüncü yeri tutub.

 

Namiq HUN

tag: futbol, kubok, kanada, uruqvay,todaypress.az,