Ukraynalıların Azərbaycan rekordçusunun “Neftçi” layihəsi

İdman

17.07.2024 15:05

Azərbaycanın ən köklü klubu olan “Neftçi” yeni mövsümə yeni məşqçi ilə start verəcək. “Ağ-qaralar” ukraynalı mütəxəssis Roman Qriqorçukla müqavilə imzalayıb. 

“Qəbələ” dönəmindən yaxşı tanıdığımız çalışdırıcı ilk olaraq Türkiyədəki təlim-məşq toplanışında qəbul etdiyi maraqlı qərarları ilə diqqət mərkəzinə düşüb. 

Today Press xəbər verir ki, ukraynalı çalışdırıcı komandanı ictimaiyyətdən gizlətməyə dair göstəriş verib.

Premyer Liqanın startına qədər keçiriləcək bütün yoxlama görüşləri heç yerdə göstərilməyəcək. Oyunlardan icmal videolarının hazırlanmasına və təlim-məşq toplanışının gedişindən çəkilişlərin edilməsinə da qadağa qoyulub. 

Roman Qriqorçukun bu addımı başa düşüləndir. Məqsəd rəqiblərin "Neftçi"nin mövcud durumu barədə məlumat toplamamasına xidmət edir. 

Qeyd edək ki, paytaxt təmsilçisi Türkiyədə keçirdiyi ilk yoxlama matçında "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib. Yəqin ki, növbəsini gözləyən Superliqa təmsilçisi «Sivasspor»u da eyni aqibət gözləyir. Ötən oyun olduğu kimi, bu qarşılaşma da yayımlanmayacaq.

Bu gediş Premier Liqa təmsilçisi ilə 2 illik müqaviləyə imza atan mütəxəssisin yeni mövsümdə rəqiblərinə sürpriz yaşadacağına işarədir. 

Qeyd edək ki, Roman Qriqorçuk dəst-xətti bizə yad deyil.   

Təcrübəli mütəxəssis, 2015-ci ilin əvvəlindən 2018-ci ilin yayına qədər "Qəbələ"yə rəhbərlik edib. Qriqorçuk 4 fərqli mövsümdə “qırmızı-qaralar”da baş məşqçi postunu tutub. 2014/15 mövsümünün ikinci yarısında və növbəti üç futbol ilində iş başında olan məşqçi ukraynalılar üçün Azərbaycanda rekord sayda - 4 medal qazanıb. Bu kolleksiyada təkcə “qızıl” yoxdur. Çempionatda hər mövsümü "üçlük"də bitirən "Qəbələ" onunla 2 gümüş və 2 bürünc medala sahib çıxıb. 

“Qəbələ”ni iki dəfə Azərbaycan kubokunun finalına çıxaran məşqçinin baş mükafatı qazanmaq cəhdi də uğursuz olub. 

Roman Qriqorçuk "Qəbələ"ni meydana çıxardığı 156 matçda 75 qələbəyə şahidlik edib. Hər iki göstərici ukraynalılar üçün Azərbaycan rekordudur. 

Məhz onun rəhbərliyi altında avrokuboklarda ardıcıl iki dəfə 4 təsnifat mərhələsi keçən "qırmızı-qaralar" qrupa vəsiqə qazanıb. Bu, Avropa Liqasının yeni rekordu olub.

Artıq “Neftçi”də də rekordları bir araya gətirməyin vaxtı çatıb. Bunun hansı əyarlı medal, neçə final və neçə qrup olacağını isə zaman göstərəcək. 

Namiq HUN

tag: Qələbə, Azərbaycan Kuboku, Neftçi, Ukrayna, Rekord, todaypress.az,