Ukraynalı baş məşqçi paltardəyişmə otağından qovuldu

İdman

18.06.2024 15:20

Avropa çempionatının E qrupunda yer alan futbol üzrə Ukrayna yığma komandası ilk turda gözlənilmədən Rumıniya millisinə 0:3 hesabı ilə məğlub olub. 

TodayPress xəbər verir ki, Münhen qarşılaşmasından sonra ukraynalı futbolçular baş məşqçi Sergey Rebrovun paltardəyişmə otağını tərk etməsini tələb ediblər. Futbolçular mütəxəssisin iştirakı olmadan ilk turdakı ağır məğlubiyyətin səbəbini araşdırıblar.

Ukraynalı mütəxəssis komandanın növbəti iki turda qrupdakı vəziyyəti öz xeyrinə dəyişəcəyinə inanır. 

“Nəticə hamı üçün gözlənilməz oldu. Bu Avropa çempionatıdır. Turnirdə uğur qazanmaq istəyiriksə, bacardığımızdan artığını etməliyik. Biz bunu edə bilmədik. Bəli, çoxlu səhvlərimiz oldu. Növbəti oyunlara daha ciddi hazırlaşacağıq. Düşünmürəm ki, biz qol vurmaq istəmirdik. İlk qola qədər oyuna nəzarət bizdə idi. Hücumda daha kəskin oynamalıyıq. Futbolçularım geriyə dönüş etməlidirlər” Sergey Rebrob deyib.  

Qeyd edək ki, Ukrayna millisi qitə yarışının ikinci turu qrup lideri Slovakiya yığması ilə qarşılaşacaq. Son turda isə rəqib daha təcrübəli Belçika komandası olacaq.

Namiq HUN

tag: AVRO 2024,Ukrayna, E-Qrupu,Sergey Rebrov,İdman, Futbol, todaypress.az,