“Turan Tovuz” AFFA-nın qərarından şikayət edəcək
“Turan Tovuz” klubu AFFA İntizam Komitəsinin komandanın baş məşqçisi Kurban Berdıyevi cəzalandırması ilə bağlı qərarından Apellyasiya və Arbitraj Tribunalına şikayət edəcək.
TodayPress xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev məlumat verib.
O, 3-ü şərti olmaqla, 5 oyunluq cəzalandırılan 72 yaşlı mütəxəssislə bağlı qərarın sərt olduğunu bildirib:
“Futbolda olan bir şəxs kimi mənə maraqlıdır ki, sonuncu dəfə Premyer Liqada hansı baş məşqçiyə 5 oyunluq cəza verilib. Üstəlik, Kurban müəllim hansı ifadəni işlədib ki, qərar bu qədər sərt olub? Mütləq şəkildə qərardan apellyasiya şikayəti verəcəyik. Çünki bizimlə bağlı verilən qərarların sərt olduğu qənaətindəyik. Daha əvvəl bəyanata görə 20 min manat cərimələnmişdik. İndi də baş məşqçimiz 5 oyunluq cəzalanır”.
Qeyd edək ki, Kurban Berdıyev “Sabah”a (2:1) qalib gəldikləri Premyer Liqasının XXX turunda ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəbindən diskvalifikasiya olunub.
Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib.
(Report.az)
Namiq HUN
tag: Turan Tovuz, Liqa, AFFA,Cəza,Todaypress.az,