Triatlonçu Pevtsov milli karyerasını başa vurdu
İdman
18.12.2024 13:30
Triatlon üzrə Azərbaycanın üçqat Olimpiya iştirakçısı Rostislav Pevtsov yığma komandadakı çıxışını başa vurub.
TodayPress xəbər verir ki, Ukrayna əsilli idmançı Azərbaycanda keçirdiyi 10 ili geridə qoyduğunu və bu dövrü həmişə gözəl xatırlayacağını bildirib:
“Deyəsən, Vətənə qayıtmağın vaxtı çatıb. İdmanda çox şeylər qazandım və bütün böyük nailiyyətlərim Azərbaycan bayrağı altında olub. Amma hiss edirəm ki, Ukraynada önəmli bir şeyə nail olmaq üçün hələ də gücüm var. Mən Azərbaycana, məni əhatə edən və dəstəkləyən bütün gözəl insanlara dərin minnətdarlığımı bildirirəm. Bu 10 il eniş-yoxuş, kəşflər və maraqlı macəralarla dolu idi. Mən Azərbaycanı üç Olimpiya Oyunlarında fəxrlə təmsil etmişəm və bu, mənim üçün həmişə böyük şərəf olaraq qalacaq. Hər şeyə görə çox sağ olun. Ümid edirəm ki, biz uzun illər dost olaraq qalacağıq” 37 yaşlı triatlonçu bildirib.
Qeyd edək ki, Rostislav Pevtsov dünya kubokunun qalibi, Bakıda keçirilən Avropa Oyunlarının bürünc mükafatçısıdır.
Namiq HUN
tag: Olimpiya, Oyun,Fəxr, Komanda, todaypress.az,