Superkompüterdən qitə millilərinin çempionluq şansı

İdman

14.06.2024 13:14

Superkompüter Avro-2024-ün start günündə turnirin əsas favoritinin adını açıqlayıb. 

TodayPress “The Analyst from Opta” internet portalına istinadən milli komandaların Avropa çempionatının qalibi olmaq şanslarını təqdim edir.

Yarışın əsas favoriti hesab edilən Fransa yığmasının qələbə ehtimalı 18,4% qiymətləndirilir. İlk üçlüyü İngiltərə 17,9%-lə ikinci, Almaniya isə 14,5%-lə üçüncü yerdə tamamlayır. “Top-5-liy”i Portuqaliya və İspaniya komandaları təşkil edir. Top-10-luğ”da İtaliya, Niderland, Belçika, Xorvatiya və Danimarka komandaları da yer alıblar.  

Bizə azərbaycanlı azarkeşlərin diqqət mərkəzində olacaq Türkiyə millisinin durumu daha maraqlıdır. Superkompüter Türkiyənin ¼ final şansını 23% qiymətləndirir. “Ay-ulduzlular”ın yarımfinal ehtimalı 9,1%, finala adlamaları 3,1%, Avro-2024-ün qalibi olmaq şansları isə cəmi 1%-dir.      

Azərbaycan millisinin 2024/2025-cü illər mövsümündə UEFA Millətlər Liqasındakı rəqibi olan Slovakiya millisinin final şansı 1, qələbə ehtimalı isə 0,2%-dir. 

Qitənin bəxtəvər 24 komandasının şanslılıq sıralamasını Avroya yüksəlməklə tarix yazan Gürcüstün milisi qapayır. Qərb qonşumuzun çempionluq şansı 0,1 faizdir.  

Avro-2024 bu gün Şotlandiya və Almaniya millilərinin qarşılaşması ilə start götürəcək. Münhendəki "Allianz Arena" stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq.

Namiq HUN

tag: Çempionluq, Türkiyə, UEFA,AVRO-2024, Danimarka, todaypress.az,