Siyasət Əsgərov: “Komandadan razıyam. Qızlar çəkinmədən mübarizə apardılar”
İdman
03.12.2024 14:33
“Rusiya ilə oyunların çətin olacağı öncədən məlum idi. İlk matçda komandamız yaxşı oyun sərgiləmişdi”.
TodayPress xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Soçidə Rusiya yığması ilə keçirilən ikinci yoldaşlıq oyunundan (0:1) sonra AFFA-nın mətbuat xidmətinə məlumat verib.
S.Əsgərov məğlubiyyətə baxmayaraq, komandasından razı qaldığını deyib:
“Məğlub olsaq da, sona qədər mübarizə apardıq. İkinci görüşə hazırlaşmaq, həm öz səhvlərimizi görmək, həm də rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Fikrimcə, qarşılaşmanı daha yaxşı keçirdik. Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar. Təəssüf ki, hücumların sonluğunu gətirə bilmirdik və adi səhvdən qol buraxaraq məğlub olduq. Buna baxmayaraq, komandadan razıyam. Çünki qızlar tapşırıqları yerinə yetirməyə çalışdılar və çəkinmədən mübarizə apardılar. İnanıram ki, bu oyunların gələn ilin fevralında başlayacaq UEFA Millətlər Liqası turnirindəki çıxışımıza çox köməyi dəyəcək”.
Qeyd edək ki, hər iki görüşdə Rusiya yığması 1:0 hesablı qələbə qazanıb.
Namiq HUN
tag: Rusiya,AFFA,Siyasət Əsgərov,Soçi,todaypress.az,