Sərbəst güləş millisi Avropa çempionu oldu
Güləş üzrə U-23 Avropa çempionatı başa çatıb. Son yarış günündə millimiz 1 qızıl, 2 bürünc medal qazanıb.
TodayPress xəbər verir ki, yarışın qızıl medalını komandamıza Cəbrayıl Qadjiyev (74 kq) qazandırıb. O, finalda rusiyalı Kamil Abdulvahabova 6:5 hesabı ilə qalib gəlib. Nurəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) çempionatın bürünc medalına sahib çıxıblar.
Cəbrayıl Qadjiyev: “Qələbəni Azərbaycan xalqına həsr edirəm. Arenada çoxlu azarkeş vardı. Əsl izdiham yaşanırdı. Qızıl medal onların haqqı idi. Növbəti hədəf Los Anceles Olimpiadasıdır. Hər bir idmançının arzusu bu oyunlarda iştirak etməkdir. Düzdür, milli komandada gərgin rəqabət var. Bu da yaxşı haldır. Qoy ən güclü olan 1-ci nömrə olsun. Ölkə xaricində biz hamımız azarkeş olaraq bir-birimizi dəstəkləyirik. Kollektiv daxilində rəqibik. Sağlam rəqabət var. Son qərarı məşqçilər heyəti verəcək”.
Sərbəst güləş üzrə millimiz digər komandalarımızın uğurunu davam etdirib. 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığmamız 137 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.
tag: Güləş, idman, todaypress.az,