SATIŞ BAŞ TUTMADI – Maradonanın “Qızıl top”u hərracdan çıxarıldı
İdman
06.06.2024 10:41
Məhkəmə Dieqo Maradonanın “Qızıl top”unun satışını qadağan edib.
TodayPress xəbər verir ki, Fransa məhkəmə sistemi futbolçunun 1986-cı ildə qazandığı “Qızıl top”un nə olduğu ilə bağlı mübahisə həll olunana qədər onun müsadirə edilməsini əmr edib. Aguttes auksion evi iyunun 6-da kuboku hərraca çıxarmalı idi. Bu rekord bir idman əşyası satışı olacaqdı.
Versal Apellyasiya Məhkəməsi qəbul etdiyi qərarla təxminən otuz ildən sonra 2016-cı ildə geri alınan "Qızıl top"un 1989-cu ildə Neapoldakı bank seyfindən oğurlandığını iddia edən Maradonanın varislərinin iddiasını təmin edib.
Qeyd edək ki, Dieqo Maradona 1986-cı ildə Argentina millisinə Dünya Kubokunu qazandırıb. Forvard həmçinin turnirin ən yaxşı oyunçusu seçilib. Əfsanəvi argentinalı hücumçu 2020-ci ilin payızında 60 yaşında dünyasını dəyişib.
Namiq HUN
tag: Maradona, Qızıl Top, Hərrac, Fransa, todaypress.az,