Rusiyalı hokkeyçinin çempionluq üzükləri oğurlandı
İdman
15.01.2025 12:40
Milli Hokkey Liqasının (NHL) “Pittsburq Pinqvinz” klubunda çıxış edən rusiyalı hokkeyçi Yevgeni Malkinin evi qarət olunub.
TodayPress xəbər verir ki, bu barədə jurnalist Cennifer Borrasso özünün “X” sosial şəbəkəsində məlumat yayıb.
Oğrular 38 yaşlı hokkeyçinin qazandığı üç çempionluq üzüyünü oğurlayıblar. Malkin həmin üzükləri 2009, 2016 və 2017-ci illərdə “Pittsburq Pinqvinz” ilə qazandığı NHL çempionluqlarında əldə etmişdi.
Qarət “Pittsburq Pinqvinz” və “Ottava Senators” arasında keçirilən oyun zamanı baş verib. Oğrular qarət zamanı evin arxa qapısını sındırıb, siqnalizasiya və müşahidə kameralarını söndürüblər. Hadisə barədə təcili xidmətlərə məlumat yalnız oyundan bir neçə saat sonra verilib.
Qeyd edək ki, Yevgeni Malkin 2006-cı ildən “Pittsburq Pinqvinz” klubunda çıxış edir. Komanda hokkeyçinin 2024-cü ilin noyabrında NHL-də vurduğu 500-cü qol şərəfinə xüsusi mərasim təşkil edib.
Xatırladaq ki, Yevgeni Malkin Rusiya millisinin heyətində 2012 və 2014-cü illərdə dünya çempionatında qızıl medal qazanıb. O, 3 dəfə Qış Olimpiya Oyunlarında iştirak edib.
Namiq HUN
tag: Yevgeni Malkin, Pittsburq ,Klub, Rusiya ,Hokkey, todaypress.az,