Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək
İdman
19.08.2024 22:45
“Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək”
TodayPress xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
"Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdılar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm".
Qurbanov III təsnifat mərhələsində qalib gəldikləri "Ludoqorets" (Bolqarıstan) komandası ilə "Dinamo" kollektivlərinin fərqli rəqiblər olduğunu söyləyib.
"Xorvatlar daha təcrübəlidirlər. Nəticə qazanmaq
üçün maksimum əllərindən gələni edirlər. Elə bir mərhələdəyik ki, komandamız
özünü daha da yaxşı hiss edir və oyundan-oyuna hazırlıqlarını bir qədər də
artırırlar. Biz hər dəfə mərhələ adladıqca qarşımıza daha ciddi rəqib çıxır. Bu
da həyəcan və məsuliyyətin artmasına səbəb olur".
Qeyd edək ki, "Dinamo" və "Qarabağ"
komandaları arasında ilk matç sabah Bakı vaxtı ilə saat 23:00-da start
götürəcək. Cavab qarşılaşması isə avqustun 28-i, Tofiq Bəhramov adına
Respublika stadionunda keçirəcək.
tag: Qurban Qurbanov,Futbol, Sabah,Ludoqorets,Dinamo,todaypress.az,