“Qarabağ”ın transfer strategiyası: Perspektivlər və Risklər

İdman

11.04.2025 11:45

16

“Qarabağ” klubu, Azərbaycan futbolunun ən güclü klublarından biri olaraq, həm yerli, həm də beynəlxalq arenada uğurlar əldə etməsi ilə tanınır. 

TodayPress xəbər verir ki, Ağdam təmsilçisinin transfer siyasəti ümumilikdə müsbət nəticələr verir.

Uzunmüddətli perspektivdə balanslı yanaşma, legionerlərlə yerli istedadların harmonik şəkildə inkişafı Azərbaycan çempionuna daha dayanıqlı nəticələr gətirə bilər.

“Qarabağ”ın transfer siyasətinin müsbət tərəfi ilk növbədə keyfiyyətli legionerlərə sahib çıxmasındadır. “Köhlən atlar”, beynəlxalq təcrübəyə malik legionerləri cəlb edərək heyətini gücləndirir.

Bu, klubun beynəlxalq yarışlarda rəqabət qabiliyyətini artırır və yerli çempionatda dominant mövqedə olmasına kömək edir.  Klubun heyətində müxtəlif ölkələrdən futbolçuların olması taktiki artım və komanda üçün yeni oyun üslublarını öyrənmək imkanı yaradır. 

Bu durumda “Qarabağ” yerli futbolçulara da şans verməyə çalışır. Xüsusilə gənc istedadların inkişaf etdirilməsi yolunda addımlar atır. Bu həm də Azərbaycan futbolunun inkişafına xidmət edir.

Yeri gəlmişkən, “Qarabağ”ın cari mövsüm başa çatdıqdan sonra heyətdə köklü dəyişiklik edəcəyi bildirilir. Heyəti təzələmək niyyəti komandanın cari mövsüm Avroliqada uğursuz çıxışı ilə bağlıdır. 

“Qarabağ” Liqa mərhələsində 36 komanda arasında sondan birinci olub. Komandada fiziki və psixoloji baxımdan yorğunluq hökm sürür. Bu faktı baş məşqçi Qurban Qurbanov özü də mətbuat konfranslarında etiraf edib.  Ağdam təmsilçisi bəzi futbolçularla yollarını ayırmaq niyyətindədir.   

Əvəzində komandaya əsasən bir neçə əcnəbi oyunçunun cəlb edilməsi gözlənilir.   

“Qarabağ” müdafiənin mərkəzi, yarımüdafiənin sol və sağ cinahı, orta xətt və hücum xətti üçün oyunçu almağı hədəfləyib. 

Qurbanovun planında yeni mövsüm üçün əsas heyət üzvü olacaq ən azı 5 futbolçunun alınması var.

Yeni transferlər Emmanuel Addai, Aleksey Kaşuk, köhnə futbolçulardan Bəhlul Mustafazadə, Bədavi Hüseynovun cari mövsüm uğursuz oyunu, Juninyonun gedişindən sonra hücumun mərkəzində yaranan ciddi boşluq baş məşqçini məyus edib.

Dayaq yarımmüdafiəçilərindən Patrik Andrade də əvvəlki formasından uzaq düşüb. Onlara əvəzləyici lazım olduğunu məşqçi heyəti qəbul edir.  Kadinin qışda “Qarabağ”a transferi uğurlu sayılır. “Köhlən atlar”a qayıdan braziliyalı Premyer Liqada meydana çıxdığı 8 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Kadinin əvvəlki formasına qayıtması məşqçi heyətini əlavə pleymeyker almaq yükündən azad edir.

Eyni zamanda, klub gənc futbolçuları ilə uzunmüddətli müqavilələr bağlayıb. Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli ilə 3,5 illik yeni sözləşmələr imzalanıb.

Bu müqavilələrə əsasən, onlar 2026-cı il iyul ayınadək “Qarabağ”ın heyətində qalacaqlar. Qeyd edək ki, bir müddətdir “Qarabağ” rəsmi və qeyri-rəsmi səviyyədə legioner futbolçular və onların klubları ilə danışıqlara başlayıb. Artıq ilkin razılığı alınan futbolçular var.

Klubu tərəfindən yüksək təzminat tələb edənlər də var ki, onların şərti “Qarabağ”ı razı salmır. Ağdam təmsilçisi məhdud büdcə ilə yüksək nəticələr əldə etməyi bacarır. Bu, maliyyə resurslarının ağıllı idarə edildiyini göstərir. Bəs “Qarabağ”ın transfer siyasətinin mənfi tərəfləri hansılardır? İlk növbədə yerli futbolçuların ikinci planda qalması.

Legioner transferlərinə üstünlük verildikdə, yerli futbolçuların əsas heyətdə oynamaq imkanları məhdudlaşır. Bu, yerli oyunçuların inkişafına mənfi təsir göstərə bilər. Xarici futbolçuların çoxluğu komandanın oyun üslubunda onlara həddindən artıq asılılıq yarada bilər.

Bu, uzunmüddətli strategiya baxımından risklidir. Yerli gənclərə yetərincə şans verilmədikdə, onlar digər klublara keçərək inkişaf edə bilərlər ki, bu da “Qarabağ” üçün itki deməkdir. 

Bir sözlə, “Qarabağ”ın transfer siyasəti ümumilikdə müsbət nəticələr verir və klubun həm daxili, həm də beynəlxalq arenada uğur əldə etməsinə kömək edir. Ancaq uzunmüddətli perspektivdə balanslı yanaşma – legionerlərlə yerli istedadların harmonik şəkildə inkişafı – daha dayanıqlı nəticələr gətirə bilər. 

Namiq HUN

tag: Qarabağ,Futbol,Klub,Transfer,Todaypress.az,