“Qarabağ”da köklü dəyişiklik olacaq?

İdman

08.04.2025 15:12

10

“Qarabağ”ın cari mövsüm başa çatdıqdan sonra heyətdə köklü dəyişiklik edəcəyi bildirilir.   

TodayPress xəbər verir ki, Ağdam təmsilçisi bəzi futbolçularla yollarını ayırmaq niyyətindədir.   

Əvəzində komandaya əsasən bir neçə əcnəbi oyunçunun cəlb edilməsi gözlənilir.   

“Qarabağ” müdafiənin mərkəzi, yarımüdafiənin sol və sağ cinahı, orta xətt və hücum xətti üçün oyunçu almağı hədəfləyib.

Baş məşqçi Qurban Qurbanovun planında yeni mövsüm üçün əsas heyət üzvü olacaq ən azı 5 futbolçunun alınması var.

Yeni transferlər Emmanuel Addai, Aleksey Kaşuk, köhnə futbolçulardan Bəhlul Mustafazadə, Bədavi Hüseynovun cari mövsüm uğursuz oyunu, Juninyonun gedişindən sonra hücumun mərkəzində yaranan ciddi boşluq baş məşqçi Qurban Qurbanovu çox məyus edib.

Dayaq yarımmüdafiəçilərindən Patrik Andrade də əvvəlki formasından uzaq düşüb. Onlara əvəzləyici lazım olduğunu məşqçi heyəti qəbul edir. 

Kadinin qışda “Qarabağ”a transferi uğurlu sayılır. “Köhlən atlar”a qayıdan braziliyalı Premyer Liqada meydana çıxdığı 8 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Kadinin əvvəlki formasına qayıtması məşqçi heyətini əlavə pleymeyker almaq yükündən azad edir. 

Heyəti təzələmək niyyəti komandanın cari mövsüm Avroliqada uğursuz çıxışı ilə bağlıdır.

“Qarabağ” Liqa mərhələsində 36 komanda arasında sonuncu yeri tutub. Komandada fiziki və psixoloji baxımdan yorğunluq hökm sürür. Bu faktı baş məşqçi özü də mətbuat konfranslarında etiraf edib. 

Qeyd edək ki, bir müddətdir “Qarabağ” rəsmi və qeyri-rəsmi səviyyədə legioner futbolçular və onların klubları ilə danışıqlara başlayıb. İlkin razılığı alınan futbolçular var.

Klubu tərəfindən yüksək təzminat tələb edənlər də var ki, onların şərti “Qarabağ”ı razı salmır.

(Qol.az)   

Namiq HUN

tag: Qarabağ,Futbol,Klub,Transfer,Todaypress.az,