"Qarabağ" yeni rekorda imza atdı

İdman

14.08.2024 09:28

"Qarabağ" tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının pley-offuna vəsiqə qazanıb. 

TodayPress xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstan "Ludoqorets"i üzərində 7:2 hesablı möhtəşəm qələbə qazanaraq tarixində 3-cü dəfə turnirin pley-offuna yüksəlib. 

"Qarabağ" bu nəticəyə imza atmaqla, eyni zamanda, Avropa Liqasının qrup mərhələsini təmin edib.

"Bu, Azərbaycanın, mənim “Qarabağ”ım idi". 

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib:

"Futbolçularımı təbrik edirəm. Bu matçda məğlub olsaydıq da, oyundan həzz alırdım. Hesabda öndə olsaq da, standart vəziyyətlərdən iki qol buraxdıq. Rəqibin ən üstün tərəfi olan əks-hücumlarda bir az diqqətsiz oynadıq. Ümidsiz deyildim və futbolçulara demişdim ki, belə matçlardan çox keçmişik. Futbolçularıma yalnız “afərin”, “əhsən” düşür. Bütün Azərbaycanı, azarkeşlərimizi təbrik edirəm. Bu oyun sanki bir triller idi. Bu, Azərbaycanın, mənim “Qarabağ”ım idi. “Qarabağ”ımı təbrik edirəm”.

“Köhlən atlar” Bolqarıstan uğuru ilə avrokuboklardakı ən böyükhesablı qələbəsini rəsmiləşdirib. 

Buna qədər "Qarabağ"ın Avropa turnirlərində qazandığı ən irihesablı qələbələr "Samtredia” (Gürcüstan) və "Linkoln" (Cəbəllütariq) ilə matçlarda qeydə alınmışdı - 5:0. Hər iki qarşılaşma Çempionlar Liqasının II təsnifat mərhələsinə təsadüf edib.

"Ludoqorets" üzərində qalibiyyət həmçinin "Qarabağ"ın ən böyükhesablı səfər qələbəsi kimi də tarixə düşüb. Komanda 13 il əvvəl Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Latviyanın "Banqa" klubunu 4:0 hesabı ilə məğlub edərək ilkə imza atıb. 

"Qarabağ" ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə qarşılaşacaq.

 Pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

Namiq HUN

tag: Azərbaycan, Qarabağ, Çempion, Qurban Qurbanov,UEFA, todaypress.az,