“Qarabağ” sabiq qapıçısını geri qaytarır?
Heyətdəki qapıçıların heç birindən tam razı olmayan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klub rəhbərliyindən yeni qolkiperin alınmasını istəyib.
TodayPress xəbər verir ki, əsas qapıçı Mateus Koxalskiyə rəqabət yaradacaq birinə ehtiyac duyulur.
Bunu bacarmayan Fabian Buntiçin mövsüm başa çatan kimi komandadan ayrılacağı dəqiqdir. Şahruddin Məhəmmədəliyev də zaman-zaman tam etibar ediləsi qapıçı olmadığını göstərib.
Məlumata görə, “Qarabağ” sabiq qapıçısı İbrahim Şehiçi geri qaytarmaq istəyir. 36 yaşlı əlcək sahibinə ilk təklif göndərilib.
Səudiyyə Ərəbistanının “Əl Xalej” klubunda çıxış edən bosniya və herseqovinalı qapıçı təklifə isti yanaşır.
Hazırda, iki il öncə “Konyaspor”dan ərəbistan klubuna yollanan Şehiçin sərbəst qalması üçün nə qədər maliyyə lazım olduğu, futbolçunun özünün hansı maaşa razılaşacağı müzakirə edilir.
Anlaşma əldə olunsa, İbrahim Şehiç iki illik müqavilə ilə 2013-18-ci illərdə çıxış etdiyi “Qarabağ”a gələcək.
(Futbolinfo.az)
Namiq HUN
tag: Qarabağ,İbrahim Şehiç,Qapıçı,Transfer,Todaypress.az,