“Qarabağ” İsveçin ən titullu komandasına qarşı

İdman

02.10.2024 15:35

Oktyabrın 3-də UEFA Avropa Liqasının Liqa mərhələsində II turun oyunları keçiriləcək.

TodayPress xəbər verir ki, bu tur Azərbaycan çempionu “Qarabağ” əsas mərhələdə ilk ev sınağına çıxacaq.

“Qarabağ İsveç təmsilçisi “Malmö”nü qəbul edəcək. 

“Köhlən atlar”ın 2-ci rəqibi İsveçin ən titullu komandasıdır. “Malmö” 23-qat ölkə çempionudur. 

Cari mövsümün 56 xallı lideri keçirdiyi 25 oyunda 17 qələbə qazanıb, 5 dəfə heç-heçə edib və yalnız 3 qarşılaşmada məğlubiyyətlə barışıb. 

İsveç Allsvenskanının lideri ən yaxın izləyicisini 10 xal qabaqlayır. 

Komandanın ən məhsuldar oyunçusu rəqib torlarına 15 qol vuran İsaak Telindir. Məhsuldarlıq yarışında bombardiri Erik Botheym (11 qol) və Huqo Bolin (7) nəzarətdə saxlayırlar. 

Liqa mərhələsi matçı iki rəqib arasında ilk avrokubok dueli olsa da, Azərbaycan və İsveç klubları indiyədək 8 dəfə üz-üzə gəliblər. 

Bu qarşılaşmaların 6-da qələbə qazanan komandalarımız 2 dəfə uduzublar. 

Maraqlıdır ki, bu 8 matçdan 6-sı “Qarabağ”ın hesabındadır.

Qurban Qurbanovun komandası İsveç təmsilçilərinə 5 dəfə qalib gəlib və yalnız bir oyunda uduzub. 

Təmsilçimiz bu 6 oyunu Avropa Liqası çərçivəsində “Gefle”, “Höteborq” və “Haken” klublarına qarşı keçirib. “Qarabağ” iki dəfə rəqibini mübarizədən kənarlaşdrıb. Bir dəfə isə qrupda üz-üzə gəlib. 

“Gefle” və “Haken” hər iki matçda məğlubiyyətlə barışıblar. “Qarabağ” “Höteborq”la matçlarda isə minimal hesablı məğlubiyyətin əvəzini üç cavabsız qolla çıxıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” matçını Yunanıstandan olan ədalət təmsilçi Anastasios Papapetru idarə edəcək. Görüş saat 20:45-də başlayacaq.

Namiq HUN

tag: Qarabağ ,İsveç ,Avropa Liqası ,Gefle ,Haken ,Tofiq Bəhrəmov ,todaypress.az,