“Qarabağ” Çempionlar Liqası oyunlarına hazırdır

İdman

17.07.2024 09:10

“Toplanışın 12 günü ərzində çox yaxşı işlər gördük”. 

TodayPress xəbər verir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Avstriyada keçirdikləri yoxlama görüşləri ilə bağlı fikirlərini bölüşüb:

“Toplanışın 12 günü ərzində çox yaxşı işlər gördük. Hazırlıq prosesinin sonluğu yaxşı alındı. Qarşılaşmalar dinamik, baxımlı keçdi. Qeydə alınan hesab bizi aldatmamalıdır. İki çox yaxşı komandaya qarşı oynayırdıq. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.

"Qarabağ" Avstriya toplanışının növbəti günü əvvəlcə Xorvatiyanın “Slaven” klubunu 1:0, daha sonra isə  Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” kollektivini 5:2 hesabı ilə məğlub edib.

Qarşıda Azərbaycan çempionunu Cəbəllütariqin “Linkoln” klubu ilə oyun gözləyir. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu səfərdə keçirəcək. İyulun 23-ü, "Europe Point" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Namiq HUN

tag: Qurban Qurbanov, UEFA, Çempionlar, Ağdam, Azərbaycan, todaypress.az,