“Qara mamba”nın forması 1,2 milyon dollara satıldı
İdman
05.06.2024 15:19
Dünya basketbolunun əfsanəsi Kobe Brayantın forması hərraca çıxarılıb.
TodayPress xəbər verir ki, Qoldin hərrac evində “Los Anceles Leykers” klubunun mərhum basketbolçusu Kobe Brayantın forması 1,2 milyon dollara satılıb. 24 nömrəli forma 1 milyon dollara satışa çıxarılıb. Qiymət sonradan 1,2 milyona yüksəlib. Lotun alıcısının adı açıqlanmır.
Brayant bu formada 12 aprel 2013-cü ildə “Qolden Steyt Uorriors” klubu ilə oyun zamanı vətərini yırtıb. O, zədədən sonra döşəmədən qalxaraq iki sərbəst atış yerinə yetirərək meydanı təkbaşına tərk edib. Oyunda 34 xal toplayan Kobe Brayant “Los Anceles Leykers”in 118:116 hesablı qələbəsində pay sahibi olub.
2016-cı ildə basketbolçu karyerasını bitirən Brayant 20 mövsüm “Los Anceles Leykers”də oynayıb. 5 qat NBA çempionu olan Kobe 18 dəfə All-Star titulunu qazanıb.
Qeyd edək ki, Brayant 2020-ci il yanvarın 26-da Kaliforniyada helikopter qəzasında ölüb. Təyyarədə onun 13 yaşlı qızı və daha 7 nəfər də olub. Qəzada heç kim sağ qalmayıb.
Namiq HUN
tag: Qara mamba, Dollar, Dünya, Basketbol, todaypress.az,