Polina Rəhimova: “İslamiadada mükafatçılar sırasına düşə bilərik”

İdman

10.02.2025 16:50

2477

“Mövsüm ərzində “Osasko” klubu ilə ikinci kuboku qazandım. Daha əvvəl Paulista kubokuna yiyələnmişdik”.

TodayPress xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən ölkə yığmasının voleybolçusu Polina Rəhimova deyib.

O, “Osasko”nun heyətində Braziliya kubokunun qalibi adını qazanmasına münasibət bildirib: 

“Braziliya kubokunun sahibi olduq. Finalda keçmiş klubum “Sesi Bauru”ya 3:1 hesabı ilə qalib gəldik. Çox gərgin, çətin və maraqlı oyun oldu. Pley-off mərhələsində isə ötən mövsümün çempionu “Minas”ı 3:2 hesabı ilə məğlub etmişik”.

Ulduz hücumçu şərəfini qoruduğu “Osasko”nun heyətinə düşmək uğrunda mübarizəyə də toxunub: 

“Komandaya ilk gəldiyim vaxtlarda əsas heyətdə oynamırdım. Amma pley-off və final oyunlarında artıq əsas heyətdə yer aldım. Çox xoşbəxtəm ki, bu vacib matçlarda gözəl oyun sərgiləyə bildim. Düşünürəm ki, oynamadığım müddətdə öz üzərimdə çox çalışırdım və elə buna görə də yaxşı formada idim”.

Azərbaycan çempionatını izlədiyini də vurğulayan Polina milli komandadakı karyerası ilə bağlı yekun qərar vermədiyini açıqlayıb: 

“Yığmada iştirakıma gəlincə, hazırda klubun qarşıdakı oyunlarına köklənmişəm. Çempionat bitdikdən sonra bir qədər istirahət etməyi planlayıram. Bundan sonra artıq baxıb qərar verəcəyəm. Millimiz bu il Qızıl Avropa Liqasında, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Düşünürəm ki, İslamiadada mükafatçılar sırasına düşə, hətta qalib gələ bilərik. Komandamız bunu bacaracaq gücdədir. Həmçinin Qızıl Avropa Liqasında da uğurlu çıxış edə bilərik”.

Qeyd edək ki, Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin formasını geyinir.

Namiq HUN

tag: İdman,Polina Rəhimova,Azərbaycan millisi,Voleybol,todaypress.az,