Peşəkar Çövkən Liqasının mövsüm finalı keçirildi - FOTO

İdman

07.12.2024 15:05

Dekabrın 5-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Peşəkar Çövkən Liqasının mövsüm finalı keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Federasiyadan məlumat verilib. 

Mövsüm finalında son turun oyunları, 3-cü yer və çempionluğu müəyyən edəcək həlledici qarşılaşmalar baş tutub. 

“Elit” və “Şirvan” komandaları arasında təşkil edilən günün ilk oyunu “Elit” komandasının 5-0 üstünlüyü ilə başa çatıb. 

Növbəti oyun “Omar” və “Qarabağ” komandaları arasında reallaşıb. Gərgin mübarizədə “Omar” komandası 7-0 hesabı ilə “Qarabağ” komandasına qalib gəlib.

Davam edən qarşılaşmalarda “Zəfər” komandası “Ağstafa Dilbaz” (5-0), “Polad” komandası isə “Köhlən” (12-0) üzərində əsaslı xal fərqi ilə üstünlük əldə edib.

Günün son, mövsümün isə final oyunu “Sərhədçi” və “Embawood” komandaları arasında keçirilib. “Sərhədçi” komandası əzmkarlıq nümayiş etdirərək böyük xal fərqi ilə (13-0) “Embawood” komandasına qalib gəlib və mövsüm başa çatıb.

Ümumilikdə 18 turda 90 oyunda əldə edilmiş nəticələrə əsasən, Peşəkar Çövkən Liqasının turnir cədvəlində “Sərhədçi” komandası birinci, “Polad” komandası ikinci, “Zəfər” komandası isə üçüncü yerdə qərarlaşıb.

Məlumat üçün bildirilib ki, 14-24 dekabr 2024-cü il tarixlərində çövkən üzrə ənənəvi Prezident kuboku keçiriləcək.

tag: Çövkən,Peşəkar,Sərhədçi,Embawood,Binə Atçılıq Mərkəzi,todaypress.az,

photo
photo