Parisə aparan yol Vladiqafqazdan keçir
İdman
04.07.2024 16:20
Güləş üzrə Azərbaycan milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir. Hazırda yunan-Roma güləşçilərinin 4 illiyin əsas yarışı üçün toplanışı Rusiyanın Şimali Osetiya Republikası - Alaniyada təşkil olunub.
TodayPress xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov deyib.
Təcrübəli mütəxəssis Paris Olimpiadası Oyunları öncəsi təşkil olunan təlim-məşq toplanışını dəyərləndirib:
“Məşqlərə ümumi fiziki və əlavə olaraq döşək üzərindəki hazırlıq daxildir. Digər ölkələrdən 6 komanda da burada iştirak edir. Bütün lisenziyaçılar Rusiya yığmasının bazasında iştirak edir. Hər şey plan üzrə gedir. Güləşçilər yüksək əhval-ruhiyyə ilə məşq edirlər. Hazırda ən vacib məsələ bu hazırlıq və onun zədəsiz keçməsidir. Hamımız yaxşı nəticəyə köklənmişik. Uşaqlardan yaxşı nəticə gözləyirik”.
Vladiqafqazdan sonra komandamız təqvim üzrə Bakı və Quba toplantılarına qatılacaq. Qeyd edək ki, Paris multi-idman oyunlarında Azərbaycanı yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.
Millimiz avqustun 2-də Bakı-Paris reysi ilə XXXIII Yay Olimpiya Oyunlarının keçiriləcəyi Fransaya səfər edəcək.
Namiq HUN
tag: Paris, Rusiya, Bakı, Quba, Yunan-Roma, Güləş, todaypress.az,