Parisdə “Azərbaycan Olimpiya Evi”nin açılışı oldu
İdman
28.07.2024 03:00
Azərbaycanın Fransadakı səfirliyinin
Mədəniyyət Mərkəzində 33-cü Yay Olimpiya Oyunları münasibətilə “Azərbaycan
Olimpiya Evi”nin açılışı olub.
TodayPress xəbər
verir ki, açılış tədbirində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov,
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, MOK-un
vitse-prezidenti Çingiz Hüseynzadə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Türkiyənin
Fransadakı səfiri Yunus Demirer, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili,
bir çox ölkələrin olimpiya komitələrinin, yerli ictimaiyyətin və Azərbaycan
diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Fransadakı səfiri
Leyla Abdullayeva və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək ölkəmizin
33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növündə təmsil olunduğunu
bildiriblər. Azərbaycanın Olimpiya tarixi haqqında məlumat verərək ölkəmizin
ilk dəfə 1996-cı ildə müstəqil ölkə kimi Olimpiya Oyunlarına qatıldığını qeyd
ediblər. Həmin vaxtdan da Azərbaycan idmançıları Olimpiya Oyunlarında böyük
uğurlara imza atıblar. 33-cü Yay Olimpiya Oyunlarında da azərbaycanlı
idmançıların böyük uğurlara nail olacaqları və Vətənə alnıaçıq, üzüağ
qayıdacaqları vurğulanıb.
Qeyd edilib ki, 33-cü Yay
Olimpiya Oyunları müddətində “Azərbaycan Olimpiya Evi”nın əsas məqsədi
tariximizi, mədəniyyətimizi, musiqimizi, mətbəximizi təbliğ və təşviq etməkdir.
Həmçinin burada idmançılarımızın qələbələri qeyd olunacaq. “Azərbaycan Olimpiya
Evi” hər gün bir tematika ilə fəaliyyət göstərəcək.
Azərbaycanı sevən hər kəs
burada idmançılarımızın uğurlarını izləyə, eləcə də idmançılarımızın fanları
burada onlarla görüşə biləcəklər.
Tədbir zamanı Azərbaycan
Olimpiya Komitəsinin nəşrləri nümayiş olunub və tədbir iştirakçılarına
paylanılıb.
Sonda gənc ifaçı Mərdan
Kazımovun ifasında Azərbaycan musiqiləri təqdim olunub.
tag: Paris, Azərbaycan, Olimpiya Evi, MOK, todaypress.az,