“Paris-2024”də Azərbaycan ikinci dəfə qızıl medal qazandı
İdman
01.08.2024 20:00
Avqustun 1-də Azərbaycan
cüdoçusu Zelim Kotsoyev “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl
medal qazanıb.
TodayPress xəbər
verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya
çempionumuz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə
üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn idmançımız Olimpiya çempionu olub.
Qeyd edək ki, Olimpiadada
mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan cüdoçumuz birinci görüşdə
polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və
dünya çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi
Peter Palçiki vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə
qazanıb. İdmançımız yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevə də
vaza-ari ilə qalib gələrək finala yüksəlib.
Xatırladaq ki, bu, Azərbaycan
komandasının Paris Olimpiadasında qazandığı ikinci qızıl medaldır. Daha əvvəl
cüdoçu Hidayət Heydərov (73 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə
qalxaraq Parisdə Azərbaycan Himnini səsləndirib.
tag: Paris-2024, Qızıl medal, Zelim Kotsoyev, Cüdo, Olimpiya, todaypress.az,