“Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ni məğlub etdi
İdman
01.08.2024 00:10
Azərbaycanın dörd idmançısı və
3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya
Oyunlarının növbəti günündə mübarizə aparıb.
TodayPress xəbər
verir ki, olimpiadalar tarixində ölkəmizi ilk dəfə komanda yarışlarında təmsil
edən qadınlardan ibarət 3x3 basketbol yığmamız ikinci matçına çıxıb.
Komanda II turda ABŞ yığması
ilə görüşüb. 20:17 hesabı ilə qalib gələn qızlarımız tarixi qələbəyə imza atıb.
Seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə
qarşılaşacaq. Hər iki oyun bu gün gerçəkləşəcək.
Akademik avarçəkmə yığmamızın
üzvü Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışda qüvvəsini sınayıb. O, C/D
yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Məsafəni 7 dəqiqə 59,23
saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazanıb.
Cüdoçu Elcan Hacıyev 1/16
finaldan mübarizəyə başlayıb. Bu raundda Türkiyə təmsilçisi Mixael Zqankı üstələyən
tatami ustası 1/8 finalda fransalı Nqayap Hambuya uduzaraq yarışı erkən başa
vurub.
Azərbaycan triatlonçusu
Rostislav Pevtsov da turnirə qoşulanlar sırasında yer alıb. İdmançımız ümumi məsafəni
1 saat 50 dəqiqə 36 saniyəyə qət etməklə 43-cü olub.
Badmintonçumuz Edi Reski
Dviçayo E qrupunda ikinci görüşünü keçirib. Danimarkalı Anders Antonsenə qarşı
mübarizə aparan idmançı 0:2 (12:21, 14:21) hesabı ilə uduzaraq yarışı medalsız
başa vurub.
tag: Paris-2024, Basketbol, Yay Olimpiya Oyunları, ABŞ, Milli, todaypress.az,