Paracüdoçular tibbi təsnifatdan keçə bilmədilər

İdman

10.05.2025 18:50

10

Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva gözündə görmə ilə bağlı problem olmadığından yarışlardan ömürlük uzaqlaşdırılıb. 

TodayPress Prosport.az-a istinadən xəbər verir ki, 13-15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görmə məhdudiyyətli cüdoçuların (paracüdo) dünya çempionatında 2 idmançımız tibbi təsnifatdan keçə bilməyib.

2021-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib. Onun gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığı üzə çıxıb. 24 yaşlı idmançının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib.

Həmçinin tamamilə görməyən idmançılar (J1) kimi tibbi təsnifatdan keçən Elnarə Nizamlının da görmə qabiliyyətinin olduğu məlum olub. Nizamlı 60 kq çəki dərəcəsində J1 yox, J2 (qismən görmə qabiliyyəti olanlar) kateqoriyasında yarışacaq.

Nəticədə komandamızın lideri İlham Zəkiyevin yoxluğunda Astanada keçiriləcək dünya çempionatında İsmayıl Muradov (J1, 70 kq), Zakir Mislimov (J1, 95 kq), Elnarə Nizamlı (J2, 60 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mükafatlar uğrunda mübarizə aparacaq.

Namiq HUN

tag: Paracüdo,Tokio,Yarış,İdman,todaypress.az,