Para badmintonçumuz beynəlxalq turnirdə ikinci oldu
İdman
08.07.2024 14:10
Azərbaycan para badmintonçusu İbrahim Əliyev Uqandada keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə gümüş medal qazanıb.
TodayPress xəbər verir ki, dünya reytinqində 14-cü olan, Avropada isə "top-5"də qərarlaşan İ.Əliyev şəxsi yarışda yalnız finalda hindistanlı Jatin Azada 0:2 (14:21,16:21) hesabı ilə uduzub.
Para badmintonçumuz kişilərin qoşa yarışında da qızıl medalın bir addımlığında büdrəyib. İbrahim Əliyev - Karan Paneer (Hindistan) cütlüyü həlledici qarşılaşmada Jatin Azad-Abhijeet Sakhuja (Hindistan) tandemi ilə baş tutan gərgin mübarizədə məğlubiyyətlə barışıb - 17:21, 21:18, 10:21.
Qeyd edək ki, İ.Əliyev Dünya Badminton Federasiyasının illik təqvimində yer alan "Uganda Para Badminton International" turnirində ardıcıl üçüncü il mükafatçılar sırasında yer almağı bacarıb. O, 2022 və 2023-cü illərdə fərdi yarışda bürünc, qoşa yarışda isə gümüş medal qazanıb.
Namiq HUN
tag: Azərbaycan, Para Badmintonçu, Avropa, Top 5, Gümüş Medal, todaypress.az,