Özbəkistan boksunun Paris uğuru
İdman
13.08.2024 17:43
Qalmaqallı hekayələr hər bir böyük yarışı müşayət edir. Bu baxımdan Paris Olimpiadası da istisna deyildi. Amma XXXIII Yay Olimpiya Oyunları diqqət çəkən məqamlarla da əlamətdar oldu.
TodayPress xəbər verir ki, bu multiidman oyunları özbək boksçularının total üstünlüyü ilə yadda qaldı.
Beş qızıl medal möhtəşəm nəticədir. Sonuncu dəfə Kuba 2004-cü ildə eynilə beş qızıl medalla rəqiblərini belə məhv edə bilmişdi.
Özbəkistan həvəskar boksda xeyli irəlilədiyini göstərdi. 2016-cı ildə özbək boksunun maksimumu üç qızıl idisə, indi Xasanboy Dusmatov, Abdumalik Xalokov, Asadxudja Muydinxudjaev, Lazizbek Mullajonov və Bahodir Jalolov kimi yüksək performans nümayiş etdirən əlcək ustaları var. Bu vəziyyət Özbəkistanda güclü həvəskar boks məktəbinin mövcudluğundan xəbər verir.
Burada nəhəng ağır çəkili Bahodir Jalolovu fərqləndirmək lazımdır. Tokio Olimpiadasının qalibi artıq peşəkar rinqdə də uğurla çıxış edir. Peşəkarlar arasında Bahodirin aktivində nokautla qazanılmış 14 məğlubiyyətsiz qalibiyyət var. O, tarixdə ikiqat olimpiya çempionu olmuş yeganə ağır çəkili idmançıdır.
Paris Olimpiadasının boks turnirinin ən gözəl hekayələrindən biri də qırğızıstanlı Munarbek Seyitbeklə bağlıdır. Qırğızıstanlı boksçu son anda təsnifat turnirindən Oyunlara vəsiqə qazanıb. O, Olimpiya Oyunlarının boks turnirində ölkəsinin yeganə təmsilçisi olub. Amma Munarbekin məşqçisi akkreditasiya ala bilmədiyindən Parisə uçmayıb. Nəticədə onu bütün döyüşlərə özbəkistanlı məşqçi Akmal Xasanov çıxarıb.
Munarbeklə bağlı maraqlı detal ondan ibarətdir ki, Qırğızıstanın idman departamenti öz boksçusuna ¼ finaldan sonra Parisdən geri dönüş bileti alıb. Amma Seyitbek sona qədər çox güclü şəbəkəni yararaq biletindən istifadə etməyib. Munarbek finala gedən yolda, çox çətin mübarizədə hamını məğlub edib. Özbək Abdumalik Xalokovla həlledici döyüş üçün isə nə güc qalıb, nə də bacarıq. Özbək boksçu da çox inamla qırğız idmançını rinqdən yola salıb. Və Munarbek Seyitbek ölkəsinin tarixində Olimpiya medalını vətənə gətirən ilk boksçu olub.
Paris Olimpiadası boks dünyasına bu cür yaddaqalan hekayələr bəxş etdi. Növbədə dörd ildən sonra baş tutacaq Los-Anceles Olimpiadası olacaq.
Namiq HUN
tag: Özbəkistan, Los-Anceles,Munarbek,Qırğızıstan,Akmal Xasanov, todaypress.az,