Olimpiya məşəlinin Yunanıstan turu açıqlandı
2026-cı il Qış Olimpiya Oyunlarının məşəli bu il noyabrın 26-da Yunanıstanın Olimpiya şəhərində alovlandırılacaq.
TodayPress Yunanıstanın Milli Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, təntənəli mərasim məşəl estafetasının başlanğıcını qoyacaq.
Məşəlin dekabrın 4-dək Yunanıstan ərazisində davam edəcək estafeti 2200 kilometr məsafəni, ölkənin 23 inzibati vahidini və yeddi regionunu əhatə edəcək.
Təxminən 450 nəfər 15 avtomobildən ibarət kolonnanın müşayiəti ilə məşəli daşıyacaq.
Estafetanın Yunanıstan mərhələsinin sonunda məşəl Afinanın Panatinaikos stadionunda 2026-cı il Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinə təqdim olunacaq.
Ardınca məşəlin estafetası İtaliya ərazisində davam etdiriləcək. Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları 2026-cı ilin 6–22 fevral tarixlərində İtaliyanın Milan və Kortina-d’Ampezzo şəhərlərində keçiriləcək.
Namiq HUN
tag: Olimpiya,Məşəl,Yunanıstan,Tur,Todaypress.az,