Olimpiya çempionu sərt davranışın qurbanı oldu

İdman

05.12.2024 18:42

Üçqat Olimpiya çempionu Şarlotta Düjardin ata qarşı çox sərt davrandığına görə bir il müddətinə yarışlardan kənarlaşdırılıb.

TodayPress xəbər verir ki, idmançı həmçinin 10 min İsveçrə frankı (11,3 min ABŞ dolları) məbləğində cərimələnib.

Düjardinin Paris Olimpiadasının başlanmasına bir neçə gün qalmış uzun qamçı ilə atın ayaqlarının ətrafına dəfələrlə vurması ilə bağlı video görüntülər ortaya çıxıb. O zaman onu yarışlardan müvəqqəti kənarlaşdıran Beynəlxalq Atçılıq Federasiyası cəzanın bir il müddətinə olmasına qərar verib. 

İyulun 23-də diskvalifikasiya olunan Şarlotta yalnız 2025-ci ilin iyul ayından yenidən yarışmaq hüququ qazanacaq.

Olimpiadalarda üçü qızıl, biri gümüş və ikisi bürünc olmaqla altı mükafat qazanmış Düjardin veloidmançı Laura Kenni (beş qızıl və bir gümüş) ilə birlikdə Böyük Britaniyanın ən çox olimpiya medalına sahib çıxan qadın idmançısıdır. 

39 yaşlı idmançı Paris Olimpiadasından kənarlaşdırıldığından medal hesabını artırmaq şansını qaçırıb.

Namiq HUN

tag: Üçqat Olimpiya çempionu,Şarlotta Düjardin,At,Davranış,Uzaqlaşdırılma,todaypress.az,