Olimpiya çempionlarımızın ilk sınağı
Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti məlum olub.
TodayPress xəbər verir ki, yığma komandamız aprelin 23-27-də keçiriləcək turnirdə 12 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunacaq.
Kişilərin turnirində 9 cüdoçu mükafatlar uğrunda mübarizə aparacaq.
Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) multi-idman oyunlarından sonra ilk dəfə tatamiyə çıxacaqlar.
Onlarla yanaşı, Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Uşanqi Kokauri (+100 kq) da Monteneqroda mübarizə aparacaq.
90 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək iştirakçı Dubrovnikdə keçiriləcək Avropa Kubokundan sonra müəyyən ediləcək.
Qadınların yarışında 7 cüdoçumuz mübarizə aparacaq.
Könül Əliyeva (48 kq), Aydan Vəliyeva və Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Günel Həsənli və Südabə Ağayeva (70 kq), Nigar Süleymanova (+78 kq) çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında da iştirak edəcək.
Vüsal Qələndərzadə (73 kq) komandaya qoşulacaq.
Namiq HUN
tag: Azərbaycan,Cüdo,Olimpiya,Çempion,Sınaq,Todaypress.az,