Olimpiadaya ilk kim başlayacaq?
İdman
23.07.2024 13:44
Paris Yay Olimpiya Oyunlarının Proqramına 19 gün ərzində 32 idman növü üzrə yarışlar daxildir.
TodayPress xəbər verir ki, Oyunlar iyulun 24-də, açılış mərasiminə iki gün qalmış başlayacaq. Həmin gün üç komanda idman növündə olimpiya yarışları start götürəcək.
Lill şəhəri həndbolçulara, Sen-Deni, Paris, Lion, Bordo, Marsel, Nantda reqbi matçları keçiriləcək. Nitsa və Sent-Etyen isə futbola ev sahibliyi edəcək.
Azərbaycan komandası üçün olimpiada iyulun 25-də Yaylagül Ramazanovanın idmanın kamandan oxatma növü üzrə sıralama mərhələsi ilə başlayacaq.
Millimizin Oyunlarda erkən medal qazana biləcəyi idman növü cüdodur. Tatamidə ilk medallar iyulun 27-də veriləcək. Həmin gün Balabəy Ağayev (60 kq.) və Leyla Əliyeva (48 kq.) bizi uğurlu çıxışla sevindirə bilərlər. Cüdoçuların mübarizəsi avqustun 3-dək davam edəcək.
İyulun 27-də atıcılıq, badminton və qılıncoynatma üzrə yarışlar da start götürəcək.
Atıcılıqda Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmaq üzrə təsnifat mərhələsində bacarığını göstərəcək.
Badmintonda yarış qrup mərhələsi ilə başlayacaq. Kişilər arasında Edi Reski Dviçayo, qadınlarda isə Keişa Fatimə Zəhra şansını arayacaq.
Qılıncoynatma növündəki yeganə təmsilçimiz Anna Başta isə iyulun 29-da sablyada mükafatlar uğrunda yarışacaq.
İyulun 27-də boksçular rinqdə ilk döyüşlərinə çıxacaqlar. Millimizin heyətində ilk olaraq Malik Həsənov (63,5 kq.) və Murad Allahverdiyev (80 kq.) rəqiblərini yumruqdan keçirəcəklər. Hər iki boksçumuz 1/16 final döyüşünə çıxacaq. Ənənəyə görə, Olimpiadada boks turniri kifayət qədər uzundur və ilk mükafatlar yalnız avqustun 6-da öz sahiblərini tapacaq. Rinqdə döyüşlər isə avqustun 10-da başa çatacaq.
Avarçəkmə yarışları da iyulun 27-də başlayacaq. Həmin gün Diana Dımçenko akademik avarçəkmə üzrə təsnifat mərhələsində 2000 metr məsafədə rəqiblərini yoxlamadan keçirəcək.
Fransa paytaxtındakı yarışlar iyulun 24-dən avqustun 11-dək keçiriləcək.
Namiq HUN
tag: Olimpiada, Avarçəkmə, Diana Dımçenko, Malik Həsənov, Murad Allahverdiyev, todaypress.az,