Olimpiadanın ən reytinqli hakimindən EKSKLÜZİV MÜSAHİBƏ
İdman
13.08.2024 09:52
“Olimpiadada 20-dən çox görüşdə ədaləti qorudum. Hər bir döyüş özünəməxsus şəkildə yadda qaldı”.
Bunu TodayPress-ə beynəlxalq dərəcəli boks hakimi Emil Qurbanəliyev deyib. O, Paris Olimpiadasında döyüşləri ən yaxşı idarə edən ədalət təmsilçisi seçilməsinə münasibət bildirib:
“Olimpiadaya reytinqi 75 faizdən yüksək olan 40 referi dəvət almışdı ki, mən də onlardan biri idim. Yarışlar çox həyəcanlı, stressli və gərgin keçirdi. Ədalətsiz qərar verən hakim dərhal evə yola salınırdı. Döyüşü səhv idarə edən 5 ədalət təmsilçisi qırmızı zolağa düşərək yarışlardan uzaqlaşdırıldı. Bu səbəbdən yarış zamanı çox gərgin idim. Bununla belə sevinirdim ki, Olimpiada da iştirak edirəm. Çünki bura düşmək hər adama qismət olmur”.
Reytinqdə birinci olmaqla multiidman oyunlarının sertifikatı ilə təltif edilən Qurbanəliyev Parisdə 5 dəfə rinq hakim kimi çalışıb. O, qeyd edib ki, əsas məsələ Azərbaycanın adını layiqincə təmsil etmək idi:
“Qərarlarımın hər birində düzlüyə önəm verirdim. Hakimlərin işini qiymətləndirən heyətin rəğbətini qazandım. 75 kiloqram çəki dərəcəsində qadınların final görüşünü idarə etdim. Çox xoş oldu”.
Onun sözlərinə görə, olimpiadada boksçulara qarşı qərəz yox idi. Ədaləti seçilmiş hakimlər qoruyurdular. Onların da idarəçiliyi hər tərəfli yoxlanılırdı.
“Bizdə hakimlik subyektivdir. Döyüş 5 hakimin rakusundan idarə olunur. Nə bizim, nə də digər idmançılara qarşı heç bir qərəz olmadı. Qaliblər düzgün müəyyən olundu. Bizim idmançılara qarşı haqsızlıq olmadı. Döyüşü qazanan boksçunun əli qalxdı” deyə Emil Qurbanəliyev əlavə etdi.
Namiq HUN
tag: Olimpiada, Emil Qurbanəliyev, Boks, Reytinq,Hakim,todaypress.az,