Okan Buruk "Qalatasaray"ın oyununa azərbaycanlı hakim istədi
İdman
22.08.2024 11:09
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrənin "Yanq Boys" klubuna 2:3 hesabı ilə məğlub olan "Qalatasaray"ın baş məşqçisi Okan Buruk komandasının matçına azərbaycanlı hakim təyin edilməsini istəyib.
TodayPress xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında almaniyalı hakimin idarəçiliyindən narazı qaldığını bildirib:
"İsveçrə komandasının oyununa Almaniyadan olan hakim təyin edirlər. Bura maşınla gəlib. Bizə də Azərbaycandan hakim təyin etsinlər ki, vəziyyəti bərabərləşdirək" deyə O.Buruk vurğulayıb.
Baş məşqçi ikinci hissədə daha yaxşı oynadıqlarını söyləyib və "Qalatasaray"ın qapısına təyin olunan penalti qərarına reaksiya verib:
"Bu, bizə ümid verdi. Öz keyfiyyətimizi göstərsək, qalib gələcəyimizi düşünürəm. Futbolçuların hər iki əlinin bağlı vəziyyətdə tullanmasını istəyirlər. Tezliklə əllərini bağlayacağıq".
Mütəxəssis qapıçı Fernando Musleranın zədəsinə də aydınlıq gətirib:
"Musleranın ağrıları var, ikinci matça qədər sağalacağını düşünürəm. Kaan Ayhan geri dönür, Davinson Sançesin durumuna baxacağıq".
Qeyd edək ki, "Qalatasaray"la "Yanq Boys" arasında cavab oyunu avqustun 27-də İstanbulda keçiriləcək.
Namiq HUN
tag: Qalatasaray, Fernando Muslera,Kaan Ayhan,Davinson Sançes,Yanq Boys, todaypress.az,