NHL tarixinin unikal geridönüşü təkrarlana bilər
İdman
22.06.2024 10:22
“Edmonton” klubu NHL tarixində Stenli Kubokunun finalında 0:3-dən geri qayıdan üçüncü komanda olub.
TodayPress xəbər verir ki, “Edmonton Oylerz” Milli Xokkey Liqasının (NHL) final pley-off seriyasının 6-cı oyununda “Florida Panterz”i məğlub edib. Görüş 5:1 hesabı ilə başa çatıb. Nəticədə final seriyasında hesab 3:3 olub.
Bu uğuru sayəsində “Edmonton Oylerz” NHL tarixində Stenli Kubokunun finalında 0:3 hesabından geri dönən üçüncü komanda adını qazanıb.
Xatırladaq ki, 1942-ci ildə “Toronto Meypl Lifs” NHL çempionu olmaq üçün “Detroyt Red Uinqz”i 0:3-dən geridə qoyaraq ardıcıl dörd oyunda qalib gəlib. Bu günə qədər bu geri dönüş hələ də Şimali Amerika Liqası tarixində 0:3-dən tamamlanan yeganə geri dönüş olaraq qalır.
Bu hadisədən üç il sonra “Detroyt” “Toronto” ilə final seriyasında 0:3 hesabı ilə uduzurdu. “Qırmızı qanadlar” sonradan ardıcıl üç oyunda qalib gəlsələrdə, “ağcaqayın yarpaqları” yeddinci oyunu qazanaraq Stenli Kubokuna sahib çıxıblar.
Qeyd edək ki, “Edmonton Oylerz” və “Florida Panterz” klubları arasında Milli Xokkey Liqasının final pley-off seriyasının 7-ci həlledici matçı iyunun 25-də Sanrayz (ABŞ) şəhərində oynanılacaq. Görüşü qazanan komanda Stenli Kubokunun qalibi olacaq.
Namiq HUN
tag: NHL, Unikal,Edmonton Oylerz,Detroyt Red Uinqz, todaypress.az,