“Neftçi”nin baş məşqçisi: “Rəqib güclüdür, amma..."
“Neftçi”nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Avstriyanın “Sankt-Pölten” klubu ilə matçdan öncə heyətini gücləndirib.
TodayPress xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov komandaya Azərbaycan və Türkiyə milli komandalarında çıxış edən futbolçuları cəlb etdiklərini dedi. “Ağ-qaralar”ın heyətə qatdığı 10 futbolçu arasında üstünlük müdafiəçilərə verilib.
“Əsas müdafiə xəttinə transferlər etmişik. Bunlar Türkiyənin “Amedspor” klubundan Güzide Alçu, “Trabzonspor”dan Sevgi Sevin Ergen, Meryem Küçükbirinci, “Sumqayıt”dan Alina Nəhmədova, “Baku Juniors”dan Fidan Cəfərovadır. Müdafiə xəttindəki boşluqları bu futbolçularla doldurmağa çalışacağıq”.
“Sankt-Polten” klubunun çox ciddi və təcrübəli rəqib olduğunu qeyd edən mütəxəssis ilk qarşılaşmaların həmişə çətin olduğunu bildirdi.
“İlk dəfə biz Çempionlar Liqasında ölkəmizi təmsil edəcəyik. Bilirik çətin olacaq. Rəqibimizin gücü bəllidir. Həm komanda, həm də keyfiyyətli oyunçular baxımından. Ötən il Çempionlar Liqasının qrupunda oynaması rəqibin gücündən xəbər verir. Amma buna baxmayaraq, biz çalışacağıq maksimum nəticə göstərək”.
Sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq “Sankt-Polten” – “Neftçi” matçı saat 18:00-da başlanacaq.
Qeyd edək ki, II qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) kollektivləri də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.
Namiq HUN
tag: Çempionlar, Neftçi ,Tsxaltubo, Sankt-Polten ,Ağ-Qara, todaypress.az,